Suriya həbsxanasında qiyam: məhbuslar gülləbaran edildi
Suriyanın mərkəzində yerləşən Hama şəhərindəki həbsxanada üsyan başlayıb. APA TV-nin məlumata görə, hakim Bəşər Əsəd rejimi məhkumlardan 5-ini edam etmək istəyib.
Məhkumlar edam qərarına qarşı çıxıblar və edam cəzasına məhkum edilən şəxsləri verməkdən imtina ediblər. Bundan sonra həbsxanaya qoşun yeridilib.
Məhkumlar həbsxanaya hücum edənlərdən bir neçə zabiti girov götürüblər. Bundan sonra təhlükəsizlik qüvvələri həbsxananı gülləbaran ediblər.
Məhkumlar edam cəzasına məhkum edilmiş dostlarını təhvil verməyəcəklərini bəyan ediblər və şüarlar səsləndiriblər.
Qeyd edək ki, bu, Hama həbsxanasındakı ilk qiyam deyil. Ötən ilin avqustunda da məhkumlar onlarla davranışa və tətbiq edilən ağır rejimə etiraz olaraq qiyam qaldırmışdılar. Qiyamın yatırılması üçün hökumət qoşunları gözyaşardıcı qazdan istifadə etmişdilər. Suriya hakimiyyəti o vaxt məhkumlar qarşısında geri addım atmalı olmuşdu.