Ermənilərin atəşi nəticəsində yaralanan Ağdam sakini Bakıya gətirilir

Ermənilərin atdığı top mərmisinin partlaması nəticəsində yaralanan Elnur Polu oğlu Məmmədov paytaxt Bakıya Elmi-Tədqiqat Ağciyər Xəstəlilikləri İnstitutuna köçürülür.

 

Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA TV-nin Qarabağ bürosuna verilən məlumata görə, E.Məmmədovun ağ ciyərində  aparılan əməliyyatın davamlı müalicəsi üçün paytaxtdan gələn mütəxəssislərin məsləhəti ilə ambulansla Bakıya göndərilir.

 

"Aprelin 27-dən 28-ə keçən gecə mərmiyə tuş gəldim, yaralandım. Sağ olsun həkimlər, gətirdilər əməliyyat olundum, qəlpəni çıxardılar. Bədənimdən 2 qəlpə çıxardılar. İndi Bakıya aparırlar. Ağ ciyərimdə problem var" - deyə Elnur Məmmədov bildirib.

 

Elnur Məmmədovun anası Minayə xala deyir ki, ermənilərin atdığı top mərmisinin biri həyətlərinin kənarına düşüb. Bundan sonra Elnur mərminin düşdüyü yerə baxmağa gedib. Bu zaman ikinci mərmi düşüb. Qəlpə yarası alan Elnur yaralandığını ailəsinə yox, telefonla təcili tibbi yardıma xəbər verib. Onun bu gün sağ qalmasının səbəbkarı məhz tibb işçiləridir.

 

Qeyd edək ki, Ağdamın Əfətli kənd sakini 1978-ci il təvəllüdlü Elnur Polu oğlu Məmmədov aprelin 27-dən 28-ə keçən gecə erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində qəlpə yarası alıb. Topdan açılan mərmi onun həyətyanı torpaq sahəsinə düşüb və nəticədə qəlpələr E.Məmmədovun ciyərini parçalayıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan yaralıdan 2 ədəd qəlpə parçası çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv