Trampdan təhlükəli çağırış: "Rus təyyarələrini vurun!"

ABŞ prezidentliyinə qalmaqallı namizəd Donald Tramp Birləşmiş Ştatlara məxsus təyyarələrə təhlükəli bir şəkildə yaxınlaşmağa cəhd edən Rusiya hərbi təyyarələrini vurmağı təklif edib. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, milyarder bildirib ki, Ağ Ev rəhbəri Barak Obama Rusiyanın hərəkətlərindən dərhal sonra Vladimir Putinə zəng etməli və onu dayandırmalı idi.

"Təəssüf ki, bizim buna qadir prezidentimiz yoxdur. Qoy o, gedib qolf oynasın". 

Donald Trampın sözlərinə görə, əgər diplomatiya heç bir nəticə vermirsə, mütləq atəş açmaq lazımdır. Bundan əlavə, respublikaçıların lideri Rusiyanın addımlarını həm prezident Barak Obama, həm də bütövlükdə Birləşmiş Ştatlara hörmətsizlik kimi dəyərləndirib.

Qeyd edək ki, daha öncə Rusiyanın Müdafiə Nazirliyi dəfələrlə sözü gedən təyyarələrin tam təhlükəsiz şəkildə və beynəlxalq normalar çərçivəsində endirildiyini bildirib. Sonuncu insidentə gəlincə, nazirlikdən RC-135U təyyarəsinin radarlardan gizlənməyə imkan verən transponderi aktivləşdirdiyi üçün endirildiyi açıqlanıb.

Müəllif | Apa.Tv
Apa.tv