Baharda dəriyə necə qulluq etməli? - HƏKİM MƏSLƏHƏTİ
Fəsil dəyişikliyi insan orqanizmində müəyyən dəyişikliklərə səbəb olur. Orqanizmdə baş verən proseslər isə dəriyə də təsir göstərir. Bahar fəsli girər-girməz bir çox insanların üz dərisində müəyyən dəyişikliklər özünü büruzə verir.
Bəs bu fəsildə dərini qorumaq, ona düzgün qulluq etmək üçün hansı addımlar atmaq olar?
Həkim-kosmetoloq Xariqə Quliyeva APA TV-yə müsahibəsində qeyd edib ki, günəş şüalarının təsiri ilə üz dərisində yaranan ən geniş yayılmış problem piqment ləkələridir: “Bu fəsildə dərimizi günəş şüasından daha çox qorumalıyıq. Bildiyimiz kimi, günəş şüasının dərimizə çox böyük xeyri var. Paralel olaraq günəş şüası dərini problemlərlə üzləşdirə bilər. Hazırda xanımlar üçün qlobal problemlərdən biri piqment ləkələridir. Bu ləkələrdən xilas olmaq bir neçə mərhələdən sonra mümkün olur. Bəzi hallarda bu problemi aradan qaldırmaq mümkün olmur, özəlliklə bu fəsildə qazanılan ləkələri. O xanımlarda ki, piqment ləkələri var, daha da tündləşə bilər, o xanımlarda ki, ümumiyyətlə, yoxdur, yarana bilər. Bu problemi aradan qaldırmaq üçün mütləq evdən çıxmadan öncə günəşdən qoruma kremlərindən istifadə etmək lazımdır. Amma dərinin rəngini və növünü nəzərə almaq lazımdır. Tünd rəngli dəriyə sahib qadınlar 50-80 faktorlu, ağbəniz xanımlar isə 30-50 faktora malik kremlərdən istifadə etməlidirlər”.
Kosmetoloqun sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün ilk növbədə onun mənşəyini və hansı mərhələdə olduğunu müəyyən etmək lazımdır. Əgər piqment ləkələri yenicə yaranıbsa, qarşısını almaq mümkün ola bilər. Mütəxəssis həmçinin bildirib ki, son zamanlar bu problemlə bağlı müraciət edən xanımlar arasında yeniyetmələr də var. Problemin tamamilə aradan qaldırılması isə yalnız bəzi hallarda mümkündür: “Piqment ləkələri təsnifatına görə müxtəlif olur - hamiləlikdən yaranan, aknedən qalan izlər də ləkə hesab olunur. Son zamanlar piqment ləkələrinə daha gənc yaşlı xanımlarda da rast gəlinir. Bu problemlə bağlı hətta 14-15 yaşlı pasientlər müraciət edirlər. Bəzən kosmetologiya elmi bu hal qarşısında aciz qalır. Piqment ləkəsi həll olunmayan problemdir. 3-5 ay ərzində müəyyən dərəcədə ləkələrdən xilas olmaq mümkündür, amma sonra yenidən yarana bilər. Bu problemlə qarşılaşmamaq üçün xüsusilə bu fəsildə günəşdən qoruma kremlərindən istifadə etmək lazımdır. Bəzi ləkələr var ki, epidermal qata yaxın olur və frakson lazerin köməyi ilə aradan qaldırmaq olar. Dəridə olan melanin balansını normaya salmaq, mezoterapevtik preparatlardan istifadə etməklə bu problemi aradan qaldırmaq olar. Amma ləkə dermal qata yaxındırsa, problemi tamamilə aradan qaldırmaq mümkün olmur”.
Xanımlar ev şəraitində dəriyə qulluq etmək üçün müxtəlif maskalar hazırlayırlar. Bəzi hallarda bu müsbət effekt əvəzinə, mənfi fəsadlara yol açır. Həkim-kosmetoloq xanımlara ev şəraitində hazırlanan maskalarla bağlı məsləhət verib: “Son zamanlar xanımlar saytlardan, sosial şəbəkələrdən müxtəlif maskalar barədə məlumatlar əldə edirlər. Əgər maska üçün tələb olunan inqridientlər əl altında varsa, xanımlar maskanı hazırlayır və istifadə edirlər. Xanımlar ilk növbədə maskanın hansı dəri növü üçün nəzərdə tutulduğunu bilməlidirlər. Daha sonra öz dəri növünə uyğun olub-olmadığını təyin etdikdən sonra maskadan istifadə edib-etməməyi müəyyən edə bilərlər”.
Yaz fəslində müxtəlif prosedurlar vasitəsilə də dərini qorumaq və qulluq etmək olar. Ümumiyyətlə, yay fəslində, yəni daha günəşli havalarda problemlərlə qarşılaşmamaq üçün baharda dəriyə maksimum dərəcədə qayğı göstərmək lazımdır.