ABŞ-ın qlobal planı: Rusiya və Çini yalnız Vaşinqtona dost ölkələr əhatə etməlidir
ABŞ prezidenti Barak Obama əmindir ki, Trans-Sakit okean tərəfdaşlığı üzrə iqtisadi sazişin imzalanması ölkəsinə dünya ticarətinin qaydalarını müəyyənləşdirməyə imkan verəcək və digər dövlətlər bu qaydalara riayət etməyə sadəcə məcbur olacaqlar. APA TV-nin məlumatına görə, bu barədə Barak Obama "The Washington Post" qəzetindəki məqaləsində yazıb.
Obama bildirib ki, qlobal iqtisadiyyatdan təcrid olunmaq üçün divarın inşası ABŞ-ı nəhəng imkanlardan məhrum edir: “Əksinə, dünya iqtisadiyyatının qaydalarını Amerika diqtə etməli, digər ölkələrə gəlincə, onlar ABŞ və tərəfdaşlarının müəyyən etdiyi qaydalar çərçivəsində hərəkət etməlidirlər. Trans-Sakit okean tərəfdaşlığı bizə bu işdə çox kömək edəcək ".
ABŞ prezidenti dünyanın və bununla paralel olaraq qaydaların dəyişdiyini dəyişir. Onun fikrincə, yeni qaydaları Çin kimi ölkələr deyil, məhz Birləşmiş Ştatlar yazmalıdır.
Qeyd edək ki, fevral ayında 12 ölkənin ticarət nazirləri arasında Sakit okean tərəfdaşlığına dair saziş imzalanıb. Bu saziş çərçivəsində Asiya-Sakit okean regionunda azad ticarət zonasının yaradılması nəzərdə tutulur. Bu müqavilə Çin də daxil olmaqla 16 ASEAN üzvü vətərəfdaşının imzaladığı azad ticarət zonasının yaradılmasını nəzərdə tutan Çoxtərəfli İqtisadi Regional Tərəfdaşlıq Müqaviləsi də daxil olmaqla, digər iqtisadi anlaşmalarla rəqabət aparır.
Barak Obama Hərtərəfli İqtisadi Regional Tərəfdaşlıq anlaşmasını tənqid edərək, bu sənədin dövlət tərəfindən subsidiya alan şirkətlər üçün əlverişli sayılan qeyri-sağlam rəqabəti məhdudlaşdıra bilməyəcəyini deyib. Prezidentin fikrincə, sözü gedən müqavilə rəssamlar, kinematoqrafçılar və sahibkarlar da daxil olmaqla, amerikalı istehsalçılarının intellektual mülkiyyətini qorumağa qadir deyil. Bununla yanaşı, B.Obama müqavilənin internet azadlığını məhdudlaşdıra biləcəyini də düşünür. Ağ Ev rəhbəri deyib ki, xoşbəxtlikdən ABŞ-da işləyən təbəqənin əməyini zəmanət altına almağa kömək edəcək plan mövcuddur. Onun fikrincə, müqavilənin imzalanması bu gün mövcud olan 18000 adda vergi də daxil olmaqla, ABŞ istehsalı olan məhsullar üzərindən məhdudiyyətlərin götürülməsinə xidmət edəcək. "Sadə dillə desək, bu müqavilə qüvvəyə mindikdən sonra ABŞ istehsalçıları hazırkı ixrac həcmindən daha çox məhsul göndərə biləcəklər. Bu isə ölkədə iş yerlərinin artması ilə nəticələnəcək”.
Hazırda dünya iqtisadiyyatının 40 faizi və ticarətin 1/3 hissəsi məhz Sakit okean ölkələrinin payına düşür. Trans Sakit okean Tərəfdaşlığının yaradılması haqqında müqavilə 2015-ci ilin 5 oktyabr tarixində imzalanıb. Anlaşmanın qüvvəyə minməsi üçün sənədə imza atan bütün dövlətlər onu ratifikasiya etməlidir. ABŞ-da bu sənəd Konqresdə ratifikasiya olunmalıdır, lakin Konqresdə çoxluq təşkil edən respublikaçılar sənədə qarşı çıxır.
Qeyd edək ki, Trans Sakit okean tərəfdaşlığı bir milyarda yaxın əhalisi olan ölkələrə təsir edəcək yeni iqtisadi qaydalar kompleksidir.
ABŞ-ın Sakit okean regionunda öz təsir qabiliyyətini artırmaq cəhdləri yalnız Trans-Sakit okean zonasının yaradılması ilə məhdudlaşmır. Son illər Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya hərbi əməkdaşlığının həcmi əhəmiyyətli dərəcədə artıb və bu dövlətlər Birləşmiş Ştatların NATO xaricindəki əsas müttəfiqinə çevrilib. Ekspertlərin fikrincə, iqtisadi müqavilə olması ilə yanaşı, bu sənəd özündə ABŞ-ın Asiya-Sakit okean regionundakı vəziyyəti gərginləşməsinə yönələn aqressiv addımlarının tərkib hissəsidir. Bununla Birləşmiş Ştatlar Çin və Rusiyanı təcrid etmək və onları Vaşinqtona dost ölkələrlə əhatələmək məqsədi güdür.