Azadlıq prospektində təmir işlərinə start verilib
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azadlıq prospektinin təmiri işlərinə başlanılıb.
ASC-dən APA TV-yə verilən xəbərə görə, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 kilometrlik hissəsinin təmir edilməsi planlaşdırılır.
Təmir işlərinin ümumi avtonəqliyyat vasitələrinin axınına az təsir etməsi üçün hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə hərəkətin məhdudlaşdırılması tətbiq olunur. Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.
Təmir işləri çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə prospektə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Ümumilikdə 50 min kv. m ərazinin asfaltlanması planlaşdırılır.
Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqların yaradılması nəzərdə tutulub. “Cib”li dayanacaqların uzunluğun 20 metr, eni isə 3,5 metr olacaq.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.