Prezidentin cəbhə bölgəsinə səfəri necə dəyərləndirilir? - SİYAVUŞ NOVRUZOV, ELXAN ŞAHİNOĞLU
"Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri, əsgər və zabitlərlə, cəbhəyanı kəndlərin sakinləri ilə görüşməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb. Bu addım bir daha sübut etdi ki, cənab prezident kimliyindən asılı olmayaraq, hər an hər bir Azərbaycan vətəndaşının yanındadır".
Bu fikirləri APA TV-yə müsahibəsində Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
"Prezidentin bölgələrə səfər etməsi, oradakı insanlarla görüşməsi, onların əhval-ruhiyyəsinin öyrənilməsi, dağıdılan evlərin dərhal bərpa olunması üçün maddi yardımın ayrılması, erməni təxribatı nəticəsində qəlpə yarası alaraq yaralanan Azərbaycan vətəndaşlarına baş çəkilməsi, ölkənin birinci xanımı ilə birlikdə bu sahədə yaranan problemlərə birgə diqqət ayırması əlamətdar hadisədir. Azərbaycan prezidenti seçildiyi ilk gündən ölkədə baş verən bütün hadisələrə dərhal reaksiya verir. Ordu quruculuğu isə prioritet olaraq qalır. Azərbaycan ordusu Cənubi Qafqazın və postsovet məkanının ən güclü ordusudur. Bu baxımdan həm ordumuzun texniki təchizatı, həm də orduda olan ruh yüksəkliyi və hazırlıq qabiliyyəti prezident tərəfindən çox yüksək qiymətləndirilib" - deyən Siyavuş Novruzov qeyd edib ki, prezident İlham Əliyevin cəbhə xəttindəki kəndlərdə yaşayan sakinlərlə görüşməsi, onların problemləri, dəymiş ziyan haqqında vətəndaşlardan şəxsən məlumat alması, baş verənləri gözləri ilə görməsi əhali arasında nikbinlik, mərdlik və ölkə rəhbərliyinə inamın möhkəmlənməsində mühüm bir amildir: "Qeyd olundu ki, döyüş bitsə də, müharibə hələ bitməyib. Əgər sülh istəyiriksə, hər an müharibəyə hazır olmalıyıq. Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca, müharibənin bitməsindən söhbət gedə bilməz. Bu gün Azərbaycan xalqı, Azərbaycan gəncliyi, ayrı-ayrı siyasi partiyaların demək olar ki əksəriyyəti, qeyri-hökumət təşkilatları Ali Baş Komandanın ətrafında sıx birləşiblər. Hər an cənab prezidentin çağırışına hazırdırlar. Qarşı tərəf də Azərbaycanın bu tələbini yerinə yetirməlidir. Prezidentin regiona səfər etməsinin bir əhəmiyyəti də ondan ibarətdir ki, artıq bütün dünyanın diqqəti bir daha bu məsələyə yönələcək və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən təxribatların bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, prezident İlham Əliyev bu səfəri ilə beynəlxalq aləmə, düşmənlərimizə "mən ən çətin vəziyyətdə, atəş altında yaşayan vətəndaşlarımın yanındayam" mesajını verib: "Bu, insanların əhval-ruhiyyəsinə bilavasitə yüksək təsir edib. Çünki onlar həssas bölgədə yaşayırlar. Bu səfər cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşları üçün çox önəmli idi. Prezident İlham Əliyev həm mülki əhali, həm də hərbçilərlə görüşdə işğalçıya çox önəmli mesajlar da verdi. Bu mesajların əhəmiyyəti ondan ibarətdir ki, atəşkəsin davamlı olaraq pozulması 2-5 aprel hadisələrini yenidən təkrarlaya bilər. Çünki danışıqlar yoxdur, Ermənistan tərəfinə heç kim təsir etmir. Bu vəziyyət davam edərsə, Azərbaycan ordusu işğalçıya öz gücünü göstərmək məcburiyyətində qalacaq".
Elxan Şahinoğlunun sözlərinə görə, prezident İlham Əliyev bu səfəri ilə düşmənlərə çatdırdı ki, Azərbaycan torpağının hər qarışı müqəddəsdir və düşməndən azad olunacaq.