Azərbaycan prezidenti İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev mayın 3-də İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin etimadnaməsini qəbul edib.
APA TV-nin xəbərinə görə, səfir Hüsnan Bəy Fanani fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini dövlət başçısına təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Azərbaycanla İndoneziya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğulayıb, ölkəmizə verdiyi dəstəyə görə İndoneziyaya təşəkkürünü bildirib.
Hər iki ölkədə uzun illərdir səfirliklərin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edən prezident İlham Əliyev səfir Hüsnan Bəy Fananiyə fəaliyyətində uğurlar arzulayıb.
Səfir Hüsnan Bəy Fanani İndoneziya prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırıb. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb, 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd edib.