Tramp daha bir rəqibini sıradan çıxardı, Klinton axsadı - SON PRAYMERİZ
ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki prosesi davam edir. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İndiana ştatında keçirilən praymerizdə demokratlar daxilində Berni Sanders 53,2 faiz səslə rəqibi Hillari Klintonu (46,8 faiz) gözlənilmədən qabaqlayıb. Berni Sandersin qələbəsinə baxmayaraq, Klinton demokratlar daxilində seçkiqabağı kampaniyanın favoriti olaraq qalmaqdadır.
Milyarder Donald Tramp İndiana ştatında keçirilən ilkin seçkilərdə qalib gəldikdən sonra respublikaçıların digər namizədi Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb. O, bu qərarını belə şərh edib:
"Mən seçki kampaniyasının əvvəlindən deyirdim ki, yalnız qələbəyə gedən yol olarsa, sona qədər mübarizə aparacağam. Bu gün isə təəssüflə qeyd edirəm ki, bu yol mənim üçün bağlıdır. Böyük təəssüf, eyni zamanda da optimizm hissi ilə biz bu gün seçki kampaniyasını dayandırırıq".
Bunun da nəticəsində Donald Trampın prezident seçkilərində namizədlik uğrunda mübarizədə bir rəqibi qalıb.