Talış yüksəkliyini ələ keçirən hərbçilərimiz: “Bayrağımız Şuşada, Xankəndində, Xocalıda dalğalanacaq”
Tərtərin Talış kəndi yaxınlığında yerləşən strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirən Azərbaycan Ordusunun hərbi birləşmələrində döyüş əhval-ruhiyyəsi ən yüksək səviyyədədir. Ordumuzun əsgəri İbrahim Şərbətzadə APA TV-yə verdiyi açıqlamada bildirib ki, aprelin əvvəllərində əldə etdiyimiz qələbə düşmənə Azərbaycan ordusunun əsl gücünü göstərib: “Hamımız döyüşlərdə iştirak etdik. Yüksəkliklərdə yerləşən torpaqlarımızı geri qaytardıq. Hamı gözləyir ki, Ali Baş Komandan əmr etsin və irəli gedərək işğal altında olan digər torpaqlarımızı da düşmən tapdağından azad edək”.
Baş leytenant Orxan Babayev də Talış kəndi yaxınlığında yerləşən yüksəkliklərin düşməndən azad edilməsi zamanı şücaət göstərən hərbçilərimizdən biridir. O, prezidentin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunub: “Aprelin 2-də düşmən təxribatının qarşısını alarkən ermənilər gücümüzü görüb geri çəkilməyə məcbur oldu. Düşmənin işğal etdiyi yüksəklikləri aldıq. Düşmənin xeyli sayda zirehli texnikası məhv olundu. Düşmən silah-sursatını qoyub qaçdı. Biz hal-hazırda yüksəkliklərdə möhkəmlənmişik. Əvvəlki vəziyyətdə düşmən hündürdə idi. Hazırda isə biz həmin yüksəkliklərdə dayanmışıq. Yüksəklik baxımından düşmən bizdən aşağıdadır. İlk əmr ilə döyüşə atılmağa hazırıq. Döyüş əhval-ruhiyyəsi çox yüksəkdir”.
Hərbçilər ordumuzun yüksək döyüş qabiliyyətinə malik olduğunu deyərək dövlətin orduya diqqətlə yanaşdığını bildirirlər. Əsgər Əlifi Məmmədov qeyd edib ki, təmas xəttində düşmən təxribatının qarşısı alınıb, yüksək dəqiqliklə zərbələr endirməklə işğal altında olan torpaqlarımız azad olunub: “Əvvəllər bizim olan, sonradan düşmənlərin işğal etdiyi postlarımızı yüksək qəhrəmanlıq və dəqiq aparılan döyüş taktikası nəticəsində düşməndən azad etdik. Daha da irəli getməyə və tapdaq altında olan torpaqları azad etməyə hazırıq. Günü bu gün ölkə başçısının əmrini gözəyirik. Prezident İlham Əliyevin gəlib səngərdə döyüş şəraiti ilə maraqlanmağı bizdə olan ruh yüksəkliyini daha da artırır”.
Gizir Mehman Çobanov bildirir ki, yüksəkliklərin düşməndən təmizlənməsi yaxınlıqda olan yaşayış massivlərini təhlükədən azad edib: “Tapqaraqoyunlu kəndinin qarşısında olan Talışkənd yüksəkliklərində düşmənin postlarına basqın etdik. Düşmənə maksimum tələfat verərək onların postlarda qoyduğu silah, texnika və müxtəlif cihazlarını ələ keçirdik. Yüksəklikləri alandan sonra Tapqaraqoyunlu kəndində olan sakinlər evlərində rahat yaşaya bilirlər. Əvvəl düşmən gülləsindən imkan yox idi ki, sakinlər evlərindən çölə çıxsınlar”.
Aprelin əvvəllərində əldə olunan qələbədə tankçıların da rolu böyük olub. Tankçı İlham Hüseynov “İgidliyə görə” medalı ilə təltif edilib: “Aprelin 1-dən 2-ə keçən gecə bizə əmr verildi ki, düşmənin diversiya qrupunun qarşısı alınmalıdır. Tankçılarımız ruh yüksəkliyi ilə düşmənə tərəf hücum etdi. Onların postunu, texnikasını, canlı qüvvələrini məhv etdik. Biz onlara göstərdik ki, bu torpaqlar bizimdir. Talış kəndi istiqamətində lazım olan yüksəklikləri əldə etmişik. Sevincimizin həddi-hüdudu yoxdur. Torpaqlarımızı tam azad edə bilməsək də, müəyyən əhəmiyyətli yerləri əldə edə bilmişik. Düşmənə göstərdik ki, biz hücum etməmişik, sadəcə öz torpaqlarımızda təlim keçirik. Təlim zamanı düşmən hər şeyini, hətta meyitlərini də qoyub qaçdı. Biz onların yiyəsiz ordu olduğunu gördük. İnşallah üçrəngli bayrağımızı Şuşaya, Xankəndinə, Xoçalıya sancacağıq”.