Suriyada yeni Türkiyə-Rusiya qarşıdurması - VƏZİYYƏT GƏRGİNLƏŞİR

"Lazım gələrsə, quru qoşunlarımızı Suriyaya göndərəcəyik. Özümüzü müdafiə etmək üçün Türkiyənin daxilində, yaxud xaricdə istənilən tədbiri görməyə hazırıq". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Əl Cəzirəyə müsahibəsində bildirib.
 

Baş nazir bildirib ki, İŞİD terror təşkilatı ilə mübarizə məsələsində BMT tərəfindən qəbul olunan çoxlu sayda qərar var. Dolayısı ilə İŞİD, yaxud başqa terror təşkilatları ilə mübarizədə bu qərarlar Türkiyəyə haqq qazandırır. Ancaq Anakara yenə də beynəlxalq razılaşmanı üstün tutur. Çünki İŞİD bütün dünyanı narahat edən məsələdir.
 

Hökumət başçısı Türkiyə ordusunun Suriyaya girəcəyi təqdirdə jurnalistlərin "Rusiya hərbi təyyarələrinin onları havadan vurma ehtimalı varmı?" sualını da cavablandırıb. Davudoğlu deyib ki, həmin ərazi Rusiyanın torpağı deyil. Burada əsas məsələ Türkiyə ərazisinin təhdid altında olmasıdır: "Biz Rusiya da daxil heç bir ölkəni qarşımızda görmək istəmirik. Keçmişdə yaxşı münasibətlərimiz olub. Gələcəkdə də yaxşı əlaqələrimizin olmasını istəyirik. Ancaq məsələ milli təhlükəsizlikdirsə, hər cür tədbiri alarıq. Burada İŞİD-in təhdidi ilə qarşı-qarşıya olan Rusiya deyil, Türkiyədir".

Türkiyə baş nazirinin bu açıqlamalarına Rusiyanın xarici işlər naziri Sergey Lavrov cavab verib. O bildirib ki, Türkiyənin Suriyada hərbi əməliyyatlara başlayacağı ilə bağlı son günlər artan xəbərdarlıqları Moskvanı narahat edir: "Rusiya Türkiyənin şimalında hansısa təhlükəsizlik yaradılması tələblərindən narahatdır. Bu tələb təhdidə çevriləndə biz də lazımı tədbirləri görməyə hazırıq".

Diplomat bildirib ki, belə tələb və təhdidləri yalnız Suriyada böhranın sülh yolu ilə həll edilməsini istəməyən qüvvələr səsləndirə bilər.

Müəllif | Apa.Tv
Apa.tv