Penitensiar Xidmət: Məhkumlara münasibət kökündən dəyişməlidir
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumların əl işlərindən ibarət “Əl işləri sərgisi” nümayiş olunub.
APA TV-nin məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyi, Milli Məclisin deputatları, Ombusdman Aparatının nümayəndələri iştirak ediblər.
Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, sərginin təşkilində məqsəd məhkumların faydalı əməklə məşğulluğunun təmin olunması, məhkumların gələcəkdə cəzaçəkmə müəssisəsindən azad olunandan sonra cinayətə meylli olmaması və hansısa peşəyə yiyələnməsidir. Onun sözlərinə görə, bu, həm də məhkumların islah olunması üçündür: "Biz həmçinin sahibkarları, iş adamlarını cəzaçəkmə müəssisəsi ilə əməkdaşlığa dəvət edirik ki, onlar məhkumların əl işlərini, bacarıqlarını görsün, gələcəkdə onların işlə təmin olunmasına şərait yaratsın”.
H.Əlixanov qeyd edib ki, hazırda cəmiyyətdə məhkumlar haqqında mənfi imic formalaşıb: "Biz bu tədbirlərlə bir daha göstərmək istəyirik ki, bu məhkumların əksəriyyəti tam islah olunmuş şəkildə azadlığa çıxırlar və onlar haqqında mənfi imic aradan qaldırılır. Məhkumlara münasibət kökündən dəyişməli, onlar azadlığa çıxdıqdan sonra işlə təmin olunmalıdırlar. Çünki məhbuslar adətən hər hansı peşəyə yiyələnmədikdə, cəzaçəkmə müəssisəsindən çıxandan sonra hansı işlə məşğul olacağını bilmir, yenidən cinayətə əl atır və ya dövlətin əleyhinə olan hansısa qruplaşmalara qoşulur. Hesab edirəm ki, Milli Məclisdə də məhkumların azadlıqdan sonrakı fəaliyyəti ilə bağlı qanun layihəsi işlənib hazırlanmalıdır”.
Daha sonra sərgidəki əl işləri nümayiş olunub. Tədbir iştirakçıları məhkumların əl işləri ilə tanış olublar. Sərgidə 17 cəzaçəkmə müəssisəsindən 342 eksponat nümayiş etdirilib.