Azərbaycan Ordusunun şəhid əsgəri Xaçmazda dəfn olundu
Mayın 3-də cəbhənin Tərtər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əmrah Aydın oğlu Yüzbəyov son mənzilə yola salınıb.
APA TV-nin şimal bürosunun xəbərinə görə, şəhid doğulduğu Xaçmaz rayonunun Hacıməmmədoba kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Şəhidə ehtiram əlaməti olaraq hərbi qarovul dəstəsi havaya yaylım atəşi açıb.
Şəhidin əmisi Muradxan Yüzbəyov bildirib ki, Əmrahın hərbi xidmətini tamamlamasına beş ay qalıbmış: "Vətənpərvər oğlan idi. Vətən sağ olsun. Lazım olanda şəhid olmalıdır vətən övladları. Allah şəhidlərimizə rəhmət eləsin! Torpaqlarımız düşməndən azad olunsun!"
Dəfn mərasimindən sonra şəhidin cənazəsinin büküldüyü Azərbaycanın üçrəngli bayrağı şəhidin əmisinə edilib.
Qeyd edək ki, şəhid Ə.Yüzbəyov ötən ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.