“Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin açılış mərasimi keçirildi

Gəncədə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Avropa Gənclər Forumu idarə heyətinin üzvü Lora Todorova, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının sədri Marko Qroşoviç, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas və Avropanın müxtəlif ölkələrindən gələn gənclər iştirak edib.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2016-cı il üçün Gəncənin Avropanın gənclər paytaxtı seçilməsini əlamətdar bir hadisə kimi qiymətləndirib və bunu şəhər gənclərinin uğuru adlandırıb. 

 

Əli Həsənov isə prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Müstəqillik illərində Azərbaycanda dünyaya nümunə ola biləcək gənclər siyasətinin reallaşdırıldığını deyən Ə.Həsənov bildirib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

 

Azad Rəhimov ölkədə 350-dən artıq gənclər təşkilatının olduğunu və hər il onlarla beynəlxalq tədbirin keçirildiyini bildirib.

 

Sonra Gəncə Şəhər Gənclər Evinin açılış mərasimi keçirilib. Qonaqlar mərkəzdə gənclər üçün yaradılan şəraitlə tanış olublar.

Müəllif | Apa.Tv
Azər Məmmədli