Milli Kulinariya Mərkəzi - 25 il
“Azərbaycan müstəqillik əldə edəndən sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan mətbəxi , kulinariyasında da özünüdərketmə prosesləri başlanıb. Və Azərbaycan xalqının qədim dövrlərdən qorunub saxlanan, inkişaf etdirilən, gündən-günə zənginləşən mətbəx mədəniyyəti haqqında dövlət səviyyəsində proseslər başlanıb”.
APA TV-nin xəbərinə görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illiyinə həsr olunmuş yubiley tədbirində deyib.
Nazir bu illər ərzində görülən işlərdən, beynəlxalq kulinariyada Azərbaycan milli kulinariyasının rolundan, eləcə də milli mətbəx nümunələrinin tanıdılması baxımından həyata keçirilən tədbirlər barədə məlumat verib. Sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən milli kulinariya sahəsinin əməkdaşlarına döş nişanları təqdim olunub.
Tahir Əmiraslanov rəhbəri olduğu Azərbaycan Milli Kulinariya Mərkəzinin yaranma tarixi, bu illər ərzində görülən işlər barədə ətraflı məlumat verib, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mərkəzin 25 illiyi münasibətilə ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “25 il öncə aşpazlara yuxarından aşağı baxırdılar. Milli mətbəx nümunələrimiz restoranlarımızda demək olar ki, yox idi. Bu gün bir çox mətbəx nümunələrimiz restoranlarımızda tətbiq olunur. Azərbaycan mətbəxi dünyada tanıdılmırdı. Bu gün Azərbaycan mətbəxi UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının “Ənənəvi Qida Komitəsi”nə sədrlik edir, Dünya Kulinariya Təşkilatları Birliyinin Təhsil Komitəsinin üzvüdür. Hazırda başqa ölkələr tərəfdən Dünya Kulinariya Təşkilatları Birliyinin prezidentliyinə namizədliyimiz verilib”.
Tahir Əmiraslanov ən böyük arzusunun Azərbaycanı dünyanın kulinariya paytaxtına çevirmək olduğunu bildirib.
Yubiley mərasimində tərəvəzdən oyma, şokolad, karamel, yağ və s. ərzaq məhsullarından hazırlanan heykəltəraşlıq və rəssamlıq nümunələri sərgilənib. Eyni zamanda tədbir iştirakçıları Rəssamlar İttifaqı tərəfindən yubiley münasibətilə hazırlanan rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olmaq imkanı qazanıblar.