Özləri həbsdə, əsərləri azadlıqda olanlar - REPORTAJ
Həbsxana adı çəkiləndə ilk ağlımıza gələn cinayətkarlar, oğrular, fırıldaqçılar olur. Amma bu dəfə onlardan yox, məhkumluq həyatı yaşayanların bacarığından danışmaq istəyirəm. İnsan azadlıqda azaddır, istədiyini edə bilər, öyrənə, yaşaya bilər, burda isə yox. Həmsöhbətim Ramin Şirinov kimi.
O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır. Səkkiz ildir azadlıqdan məhrum edilən müsahibimiz Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə 13 il azadlıqdan məhrum olunub. Beş ildən sonra azadlığa qoşuşacağı günü səbirsizliklə gözləyən Ramin ailəlidir, bir övladı var. Deyir ki, həbsxanada zaman dayanır. Elə buna görə də əmək məhkumlar üçün mənəvi dayaqdır: "Burda ilk gün hər bir məhkuma sual verilir ki, həbs olunanadək hansı sahədə çalışmısınız. Təbii ki, hər kəs bacardığı və işlədiyi sahədən danışır. Təklif olunur ki, cəzaçəkmə müəssisələrində müxtəlif istehsalat sexləri var, burda fəaliyyət göstərə bilərsiniz. Düzdür, bizə cəmiyyətdə münasibət başqa cürdür. Amma burda hər bir məhkum dərk edir ki, onu qarşıda azadlıq gözləyir. Burdan çıxdıqdan sonra da o, hansısa peşə ilə məşğul olub, ailə saxlamalıdır. Biz də istəyirik ki, gələcəkdə əl əməyimiz hədər getməsin, ailəmizə həm maddi, həm mənəvi dəstək olaq. Bu sərgidə mənim fərdi əl işim yoxdur, amma məhkum yoldaşlarımın əl əməyinin sərgilənməsi üçün dizaynı mən vermişəm. Burda elə əl işləri var ki, 3-4 məhbusun birgə əməyinin nəticəsidir. Bax, gördüyünüz bu faytonu üç məhbus yoldaşım düzəldib. Burda gördüyünüz beşiyi də məhbus yoldaşım işləyib, biz burda olsaq da, düşüncələrimizdə yenə ailə və uşağımızdır".
6 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Səməd Məmmədov isə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham olunub. Doqquz ildir azadlıqdan məhrum edilən müsahibimiz istehsalat müəssisəsində çalışır. İki övlad atası olan Səmədin cəzasının bitməsinə 3 il var: "Bura Quran qabı, müxtəlif suvenirlər, nərd və başqa əl işlərimizi gətirmişik. Səkkiz ildir bu işlə məşğulam, həm vaxtım yaxşı keçir, həm də faydalı iş görürəm. Bilirsiniz, ən əsası vaxtımız boş yerə sərf olunmur, müəyyən qədər gəlirimiz də olur".
Məhkumların da arasında “fəhlə”, “usta” və “baş usta” kimi şərti vəzifələr var. Azər Bağışov da asudə vaxtını səmərəli keçirən məhkumlar sırasındadır. 10 il azadlıqdan məhrum olunan Azər düz 6 ildir cəzaçəkmə müəssisəsindədir: "İşləməsən, burda vaxt keçməz. Bu, həm də sənətdir, öyrənirik, öyrədirik. Azadlığa çıxanda bilirəm ki, bu işimi davam etdirəcəyəm. Beş ildir istehsal sexində çalışıram. Mən daha çox mebel sifarişi üzərində işləyirəm. Xırda suvenirlərə çox vaxt ayıra bilmirəm. Sifariş bəzən çox olur ki, bu da maddi baxımdan bizə çox kömək edir. Dolçalar düzəldirik, mətbəx və müxtəlif növ mebeller yığırıq".
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumların əl işlərindən ibarət “Əl işləri sərgisi”nə qatılan millət vəkili Qüdrət Həsənquliyev deyir ki, məhkumların əməyə cəlb olunmasının əhəmiyyəti böyükdür: "Təəssüflər ki, məhkumlar azadlığa çıxdıqdan sonra işsizlikdən bəzən ikinci dəfə cinayət əməlinə sövq edilirlər. Yenidən cinayət törədib, ikinci dəfə məhkumluq həyatı yaşayırlar. Bunun qarşısını almaq üçün sahibkarlara müəyyən güzəştlər olunmalıdır ki, onlar məhkumları öz müəssisələrinə qəbul edib, işlə təmin etsinlər. Bundan başqa, cəzaçəkmə müəssisələrində məhkumların faydalı əməyə cəlb olunması, onlara peşə öyrədilməsi nəticəsində istehsal olunan məhsulların satışını təşkil etmək lazımdır. Dövlət sifarişləri verilməlidir ki, burda istehsal müəssisələri tam gücü ilə işləsin".
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev də sərgi iştirakçıları arasında idi: "Məhkum müəssisədə azadlığa hazırlanmalıdır. Bunun ən vacib şərti isə əmək vərdişlərinə yiyələnməkdir. Özəl sektor məhkumların əməyindən istifadə edib, onların işləməsi üçün sifarişləri çoxaltmalıdır".
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, məhkumların ictimai faydalı əməyə cəlb olunması ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir: "Bu, məhbuslar arasında miqyasına görə seçilən ikinci sərgidir. Sərginin keçirilməsində məqsəd məhkumların əmək fəaliyyətinin, məşğulluğunun təmin olunmasıdır. İkinci bir məqsədimiz isə bu işlərin cəmiyyətə təqdim olunmasıdır. Yəni biz onların yalnız cinayətə meylli olmadığını, insanlarla yaxşı davranmağı bacardıqlarını, eyni zamanda məhkumların yüksək əl qabiliyyətinə malik olduğunu nümayiş etdirmək niyyətindəyik. Amma məhkumların əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək təkcə Penitensiar Xidmətin işi deyil. Çünki bu məsələdə cəmiyyət, ictimaiyyət, qanunverici orqanlar, qeyri-hökumət təşkilatları, dövlət orqanları yaxından iştirak etməlidir".
Ədliyyə general-mayoru Azərbaycanda 6 min nəfərə yaxın məhkumun işlə təmin olunduğuna da diqqət çəkib.