Firudin Nəbiyev: "İxtisara düşmüş azərbaycanlıların yerinə əcnəbilər təyin olunur"

Bakıda Dövlət Miqrasiya Xidməti və "Caspian European Club"un təşkilatçılığı ilə miqrasiya məsələlərinə dair konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev qeyd edib ki, ölkəmizdə miqrasiya ilə bağlı mövcud problemlərin həll olunması üçün rəhbərlik etdiyi qurum tərəfindən dünya təcrübəsi hərtərəfli qaydada öyrənilib.

 

O, miqrasiya sahəsində həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi olaraq bu yaxınlarda Azərbaycanda miqrasiya kvotası müəyyənləşdirildiyini və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunduğunu diqqətə çatdırıb.

 

Firudin Nəbiyev həmçinin son illər ölkədə fəaliyyət şirkətlərdə əcnəbi mütəxəssislərin sayının yerli kadrlar hesabına əhəmiyyətli dərəcədə azaldığına da diqqət çəkib: “Bu istiqamətdə iş aparılmalı, azərbaycanlı mütəxəssislər hazırlanmalıdır. Digər tərəfdən, ixtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbilər təyin olunur ki, bu da bizi narahat edir, belə hallara yol vermək olmaz. Məqsədimiz  odur ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsun. Azərbaycan vətəndaşları Azərbaycan iqtisadiyyatından bəhrələnməlidir”.

 

Tədbirdə həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsində sənədləşmənin səmərəliliyinin artırılması üçün "ASAN Xidmət"lə birgə iş aparıldığı da bildirilib. Konfransda ölkəmizdə miqrasiyanın rəsmiləşdirilməsi müddətinin ən qısa zamanda 15 günə endirilməsinin nəzərdə tutulduğu da açıqlanıb.

 

Toplantının sonunda Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev "Caspian European Club"un fəxri üzvlük diplomu ilə təltif olunub.

Müəllif | Apa.Tv
Apa.tv