Şirvanda iki maşın toqquşdu: 3 yaralı
Şirvanda baş verən avtoqəzada 3 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan-Salyan magistralının Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Salyan sakini, 1989-cu il təvəllüdlü Qurbanov Natiq İlqar oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə Şirvan sakini, 1960-cı il təvəllüdlü Cəbiyev Balakişi Murad oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil toqquşub. Nəticədə "Opel" markalı avtomobilin sürücüsü və sərnişini, 1967-ci il təvəllüdlü İlqar Əlizamanov reanimasiya şöbəsinə, digər sərnişin Salyan rayon sakini 1965-ci il təvəllüdlü Mahmud Ənvər oğlu Abdullayev travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.