Kubokun finalında Azərbaycan derbisi!
Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. APA TV-nin məlumatına görə, qarşılaşmalardan biri paytaxtda, digəri əyalətdə baş tutub.
Günün ilk və ən maraqlı matçı Qəbələdə oynanılıb. Bakıdakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alındığından cavab oyununun gərgin keçəcəyi gözlənilən idi. İlk hissə bərabərliklə başa çatıb. İkinci hissədə isə ilk olaraq Ruslan Qurbanov fərqlənərək “Neftçi”ni hesabda irəli çıxarıb. Çox keçmədən Zets status-kvonu bərpa edib. Əsas vaxtda başqa qol olmayıb və əlavə yarım saat oynanılıb. Bu müddətdə də qol vurulmayınca qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac yaranıb. “Lotereya”da isə “Neftçi”nin bəxti gətirib və paytaxt klubu ilk finalçı olub.
Günün digər qarşılaşmasında isə ilk oyunu 4:0 hesabı ilə qazanıb cavab qarşılaşmasını formallığa çevirən “Qarabağ” “İnter”i sınağa çəkib. Gözlənildiyi kimi, bu oyunda möcüzə qeydə alınmayıb.
Masazırda keçirilən oyunda hesabı Migel Madera açıb. İkinci hissədə isə “İnter” penalti şansından yararlana bilməyib. Vüqar Nadirovun zərbəsini keçmiş komanda yoldaşı Fərhad Vəliyev qaytarıb.
Beləliklə, ölkə kubokunun finalında Azərbaycanın iki ən köklü klubu - “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Hər iki komanda ölkə çempionatlarının bütün mövsümlərinin iştirakçıları olduqları üçün bu iki rəqib arasındakı oyunlar futbol ictimaiyyəti tərəfindən "Azərbaycan derbisi" kimi tanınır.