Suraxanıda 60 yaşlı narkotik alverçisi tutuldu

Bakıda həyətində narkotik vasitə əkib-becərən şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, saxlanılan şəxsin evindən 5 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.

 

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, 60 yaşlı Vahid Bəhramov tutulub. Polis əməkdaşları saxlanılan şəxsin Bülbülə qəsəbəsindəki yaşadığı evə baxış keçirərkən oradan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və çətənə kolları aşkarlayıblar.

 

Saxlanılaraq idarəyə gətirilən Vahid Bəhramov dindirilərkən narkotiki öz istifadəsi üçün əkib-becərdiyini bildirib: “Əkmişəm özüm çəkmək üçün. Xəstə adamam. Neyləyim, necə eləyim? Bir ovuc tum var idi. Səpdim yerə, çıxdı. Vəssalam də. Su vermişəm, böyüyüblər”.

 

Lakin Vahid Bəhramovun evində narkotik vasitələri ölçmək üçün istifadə edilən tərəzinin tapılması onun narkotik maddələri hansı məqsədlərlə saxladığını üzə çıxarıb. Müstəntiq Raqib Rəhimovun sözlərinə görə, həmin tərəzi və götürülmüş digər əşyalar kifayət qədər əsas verir ki, narkotik satış üçün nəzərdə tutulub”.

 

Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv