Silahla tutulan avtoritet Tağı Salyanski: “Düşmənli adamam”
Cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınan Tağı Qasımov Salyanda polis əməkdaşları tərəfindən saxlanılıb.
Salyan RPŞ-nin istintaq bölməsinin rəisi Rəşad Nuriyev APA TV-nin yerli bürosuna bildirib ki, daxil olmuş məlumat əsasında Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib: “Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınan Qasımov Tağı Əli oğlu şübhəli şəxs qismində saxlanılıb”.
Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan 47 yaşlı Tağı Qasımovun üstünə baxış keçirilən zaman üzərindən qanunsuz olaraq naməlum mənbədən əldə edib üstündə gəzdirdiyi 1 ədəd KB-2338P nömrəli, 9 mm kalibrli, Rusiya Federasiyasının İjevsk silah zavodunda istehsal olunan “Makarov” konstruksiyalı tapança və onun 4 ədəd döyüş sursatı hesab edilən patron aşkar olunaraq götürülüb. Polis şöbəsinə gətirilən Tağı Qasımov törətdiyi əməli etiraf edib: “Qəbiristanlığa qəbir üstünə getmişdim. Ordan tapmışam. Düşmənli adamam, düşmənlərim var”.
Faktla bağlı Salyan rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.