Müdafiə Nazirliyi könüllülərin müddətdən artıq həqiqi hərbi xidmətə qəbuluna başlayır
Müdafiə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müəyyən olunmuş qaydaları təqdim edib.
APA TV-nin məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.
Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.
Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər.
Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) xidmət keçmək istədiyi hərbi hissənin komandanlığına ərizə ilə müraciət etməlidir.
Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna (4-8 həftəlik) qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.