Bakıda əməkçi miqrantların hüquqları mövzusunda beynəlxalq seminar keçirilir

Bakıda "Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" mövzusunda iki günlük beynəlxalq seminar öz işinə başlayıb.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Avropa İttifaqının nümayəndələri iştirak edib.

 

AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva çıxışında dünyadakı miqrasiya probleminə toxunaraq, Avropanın Yaxın Şərq regionunda yaşanan münaqişələr nəticəsində qitə ölkələrinə axın edən miqrantların taleyinə biganə qalmasından söz açıb.

 

Avropa İttifaqının təmsilçisi Migel Mauro Qomes təmsil etdiyi qurumla ölkəmiz arasında "Vizaların sadələşdirilməsi və readmissiya haqqında" sazişin imzalandığını diqqətə çatdırıb, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

 

Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Hüquq və Kadrlar İdarəsinin rəisi Rasim Ağasıyev "Azərbaycan Respublikasında əməkçi miqrantların hüquqlarının müdafiəsi" mövzusunda məruzə edib. Məruzəçi erməni işğalı nəticəsində öz yurdlarından qaçqın düşən soydaşlarımızın daxili miqrasiyaya ən real nümunə olduğuna diqqət çəkib.

 

Seminarda qeyd olunub ki, ölkədə fəaliyyət göstərən əcnəbi şirkətlərdə xarici vətəndaşların yerli kadrlara nisbətən daha yüksək əmək haqqı ilə işə cəlb edilməsi yerli işçi qüvvəsinə aid hüquqların kobud şəkildə pozulması amili kimi dəyərləndirilməlidir.

 

Tədbirdə əcnəbi əməkçi miqrantların qeydiyyat prosedurları barədə ətraflı bilgi verilib. Qeyd edilib ki, ölkəyə işləmək məqsədilə gələn əcnəbilər, o cümlədən vətəndaşlığı olmayan şəxslər 10 gün müddətində yaşadıqları ərazi üzrə qeydiyyata alınmaq üçün müraciət etməlidirlər. O da bildirilib ki, ölkədə əməkçi miqrantların hüquqları həm Miqrasiya Məcəlləsi, həm də İnzibati Xətalar Məcəlləsi ilə tam olaraq qorunur.

 

Seminarın işində "Əməkçi miqrantların və onların ailə üzvlərinin sosial təminatı", "Əməkçi miqrantlara iş icazəsinin verilməsində Avropa təcrübəsi" mövzularında məruzələr dinlənilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov