Təhsil naziri: "Müəllimlərin əməkhaqqında differensiallaşdırma tətbiq ediləcək"

“Təhsildə aparılan islahatlar içərisində əsas yeri ümumtəhsil pilləsi üzrə dərsliklərin hazırlanması təşkil edir. Doğrudur, bu istiqamətdə işlərimiz istədiyimiz sürətlə getməsə də, son 3 ildə müəyyən uğurlarımız  olub. Bu dövrdə kurrikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsait hazırlanıb”.

 

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

 

O bildirib ki, dərslik hazırlığı sahəsində Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb, qiymətləndirmədə şəffaflığı təmin etmək üçün dərslik layihələri bir-birindən asılı olmayaraq müxtəlif ekspertizalara göndərilib. Nazir qeyd edib ki, dərslikləri məmurlar yox, bu sahənin mütəxəssisləri, alimləri yazır: "Təəssüf ki, dərslik hazırlığında müəllim qıtlığı hiss edilir. Aydındır ki, dərslik hazırlığına ən yaxşı mütəxəssislər cəlb olunmalıdır. Amma hazırkı sosial-iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək mümkün deyil. Nazirlik sifariş əsasında ehtiyat dərsliklərin hazırlanması, bu işə ən yaxşı mütəxəssislərin qoşulması təşəbbüsü ilə çıxış edərək müvafiq normativ sənədlərin layihələrini hökumətə və digər aidiyyəti qurumlara təqdim edir. Nazirlik dərslik hazırlığı sahəsində bu il bir yenilik də edib. Belə ki, yeni hazırlanan dərslik layihələrini çapa verməzdən öncə nazirliyin internet portalında yerləşdirməklə ictimai müzakirəyə çıxarıb". 

 

M.Cabbarov deyib ki,  Azərbaycanda məktəbəqədər hazırlıq pilləsinin 2016-2017-ci ildən dövlət büdcəsindən maliyyələşməsi və hamı üçün əlçatan olması istiqamətində işlər davam etdirilir. Məqsəd 2020-ci ilədək  ölkədə uşaqların məktəbəqədər təhsil səviyyəsinin əhatəsini 70%-ə çatdırmaqdır.

 

Nazirin fikrincə, Azərbaycanda yüksək nəticə göstərən və daha yüksək biliklərə malik olan müəllimlər daha yüksək əməkhaqqı almalıdır. Bu məqsədlə müəllimlərin əməkhaqqında differensiallaşdırma tətbiq ediləcək.

 

Qeyd edək ki, bu gün “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsinin Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək baxımından mühüm rol oynadığını bildirib. Baş nazirin müavini Əli Əhmədov müsabiqənin əhəmiyyəti haqqında fikirlərini söyləyib. Tədbirin sonunda “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilib.  

Müəllif | Apa.Tv
Almaz Qasımova