Suriyada qaçqın düşərgəsi bombalandı: 28 ölü
Suriyanın İdlib şəhərinə yenidən aviazərbələr endirilib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, qırıcıların hücumuna bu dəfə şəhərin şimalında yerləşən və "ən-Nüsra Cəbhəsi" qruplaşmasının nəzarətində olan Sarmada yaşayış məntəqəsindəki qaçqın düşərgəsi məruz qalıb.
İlkin məlumatlarda bombardman zamanı 28 dinc sakinin öldürüldüyü deyilsə də, rəsmilər ölü sayının artacağını istisna etmir. Sözügedən şəhərin səması həm ABŞ, həm də Rusiya hərbi təyyarələrinin nəzarətindədir.
Suriya üsyançılarına yaxın mənbələrin məlumatına görə, aviazərbələr Suriya aviasiyası tərəfindən həyata keçirilib.
Bu arada Ağ Evin mətbuat katibi Coş Ernst qaçqın düşərgəsinin Birləşmiş Ştatlar tərəfindən bombalanması ilə bağlı iddiaları təkzib edib. O, rəsmi Vaşinqtonun addımlarının yalnız İŞİD-ə qarşı yönəldiyini bildirib.