Kürdə daşqınların qarşısını almaq üçün preventiv tədbirlər görülür
2010-cu ildə baş vermiş daşqınlardan sonra Kür və Araz çayları boyunca 900 km uzunluqda mühafizə bəndləri iki dəfə enləndirilib, həmin ildəki səviyyədən isə 1 metr yuxarı qaldırılıb.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, 2015-ci ildə aparılan nivelirləmə işlərindən sonra müxtəlif yerlərdə torpağın kipləşməsi və oturuşması nəticəsində yaranmış fərqin 1 metrdən az olduğu müəyyənləşib. Bu fərqi aradan qaldırmaq məqsədilə Sabirabad, Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonları ərazisində Kür çayı ətrafındakı bəndlərdə hündürləşdirmə işlərinin aparılmasına başlanılıb.
Kür çayı trayektoriya boyunca çoxlu sayda dolambac əyrilərlə axır ki, bu da çayın kəskin dönmə əyrilərində sahilyuma ehtimalını artırır. Ona görə də çayın həmin əyrilərində vaxtaşırı daş-beton materiallarla sahilbərkitmə işlərini zəruri edir. 2016-cı ildə Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən çayətrafı bəndlərdə nivelirləmə işləri aparıldıqdan sonra daha təhlükəli sayılan ərazilər tərtib edilib. İdarə rəisi Elman Nuriyevin sözlərinə görə, Kür çayı dünyada olan dolanbac çaylardan biridir: "Onun dolanbac olmağı daşqınlar zamanı problem yaradır, sahillərin çox intensiv yuyulma prosesi gedir. Biz 2010-cu il daşqınlarından sonra 8 km məsafədə sahil bərkitmə işlərini, daşdüzmə işləri aparırıq. Müxtəlif rayonların ərazisində təhlükəli sayılan hissələrdə işlər 2016-cı ilə qədər görülüb. 2016-cı ildə də biz daha təhlükəli sayılan əraziləri tərtib və tətbiq etdik. Tikinti şirkətləri tərəfindən hazırda bu işlərin görülməsinə başlanılıb".
Yaxın aylarda 1875 km məsafədə sahillərin yuyulma prosesinin qarşısının alınması üçün daş-betonla sahilbərkitmə işləri davam etdiriləcək. Bundan əlavə, 25 kilometr məsafədə 2010-cu ildən sonra möhkəmləndirilmiş bəndlərin oturuşmuş və çökmüş yerləri nivelirlənərək müəyyənləşib ki, həmin hissələrdə də bərpa və torpaqtökmə işlərinə start verilib.