Bakı Baş Gömrük İdarəsinin yeni binası istifadəyə verildi
Bu gün Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılışı olub.
APA TV-nin xəbərinə görə, idarənin açılışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxışı zamanı A.Əliyev bildirilib ki, strukturuna 10 şöbə, 10 gömrük postu və 9 bölmə daxil olan idarədə təxminən 360 nəfər çalışır.
“Yeni inzibati binada malların elektron formada bəyan olunmasının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsi müəyyən tədbirlər həyata keçirib. Nəticədə gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisi qısaldılıb, sahibkarlarla gömrük əməkdaşlarının təması minimuma endirilib, şəffaflıq tamamilə təmin edilib”, - deyə komitə sədri bildirib.
Sonra Baş Gömrük İdarəsinə təqdim edilmiş avadanlıqlara baxış keçirilib. ABŞ səfiri yeni istifadəyə verilmiş binaya baxıb.