Elxan Süleymanov: "Ağ Ev müraciətə cavab verənədək petisiya imzalamaq üçün açıqdır"
"İndiyədək petisiya layihəsi 327 min səs toplayıb. Bu gündən petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması başa çatır, lakin Ağ Ev Administrasiyası müraciətə cavab verənədək petisiya imzalamaq üçün açıqdır".
APA TV-nin xəbərinə görə, bunu AVCİYA prezidenti, layihənin rəhbəri Elxan Süleymanov AVCİYA-nın "Barak Obama administrasiyasına ünvanladığı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"İyulun 6-dək Obama Administrasiyası müraciətə cavab verməlidir. 26 yanvar 2016-cı ildə AŞPA-nın sessiyasında 2085 saylı qətnamənin qəbulu ilə çox böyük uğur qazandıq. Çünki indiyə qədər AŞPA-da Ermənistan işğalçı dövlət kimi tanınmırdı. Bu qətnamə ilə Ermənistana işğalçı damğası vuruldu. Biz ümid bəsləyirik ki, Obama Administrasiyası Avropanın 45 ölkəsinin qəbul etdiyi 2085 saylı qətnaməyə münasibət bildirəcək və bunu dəstəkləyəcək" - deyən E.Süleymanov qeyd edib ki, səsvermədə nəinki Azərbaycan vətəndaşları, Türkiyənin tanınmış insanları və siyasətçiləri də iştirak ediblər. Tədbirdə bildirilib ki, layihə çərçivəsində 16 ali təhsil müəssisəsində və 2 orta məktəbdə professor-müəllim heyəti, tələbələrlə görüşlər keçirilib.