Albert Aqarunovun ordeni qardaşına təqdim olundu
Bu gün Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, mərasimdə Beynəlxalq Diaspora Mərkəzi, Dağ Yəhudiləri İcması, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və Milli Qəhrəmanın ailə üzvləri iştirak edib.
Tədbir iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, ruhuna dualar oxunub. Şəhidin qardaşı Rantik Aqarunov çıxışında qardaşının xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkür edib.
Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev deyib ki, Albert Aqarunov kimi qəhrəmanlarının olması hər bir xalqın şərəfidir. Onun sözlərinə görə, Azərbaycan torpaqlarını qorumaq hər zaman Albert Aqarunovun arzusu olub.
Semyon İxiilov isə müharibə dövründə Albert Aqarunovun İsrailə getmək imkanının olmasına rəğmən, ailəsini göndərdiyini, özünün isə vətənin müdafiəsinə qalxdığını qeyd edib.
Albert Aqarunovun xidmət etdiyi tank diviziyasının komandiri olmuş Hacı Əzimov Mlli Qəhrəmanla birgə keçdikləri döyüş yolundan bəhs edib. O, müharibə zamanı dəfələrlə A.Aqarunovun qəhrəmanlıqlarına şahid olduğunu dilə gətirib.
Sonra Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalı tərəfindən ölümündən sonra Albert Aqarunova verilən "Həzi Aslanov" ordeni Milli Qəhrəmanın qardaşı Rantik Aqarunova təqdim edilib.