Göyçayda tərəvəz məhsullarına xəstəlik düşüb
Hər il Göyçay rayonundan ölkənin müxtəlif şəhər və rayonlarına, eləcə də Rusiya bazarlarına tonlarla tərəvəz məhsulları, əsasən də pomidor göndərilir. Amma yerli fermerlərin sözlərinə görə, belə getsə, bu il nəinki xarici bazarlara, heç daxili bazarlara da məhsul çıxara bilməyəcəklər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu il Göyçay rayonunda fermerlər yazlıq tərəvəz məhsullarını becərərkən gözlənilməz çətinliklərlə qarşılaşıblar. Son günlər ərazidə yerləşən istixanalardakı pomidor şitillərində boz çürümə adlı kütləvi xəstəlik yayılıb.
Sakinlərin sözlərinə görə, son günlər havaların rütubətli keçməsi kəndlilərə xeyli maddi ziyan vurub. Bu da rayonda faraş tərəvəzçilik sahəsində məhsuldarlığın çox aşağı olmasına gətirib çıxaracaq.
Xəstəlik əsasən rayonun Ləkçiplaq, Qaraxıdır, Yalman, Mırtı, Şıxbəy kəndlərində geniş yayılıb. Bu kəndlərdə faraş tərəvəzçiliklə məşğul olan fermerlərin sözlərinə görə, hazırda istixanalarda olan pomidor məhsulu inkişafdan qalır, pomidor şitili və üzərindəki məhsul çürüyərək tələf olur. Gecə-gündüz əziyyət çəkərək yetişdirdikləri məhsulun tələf olmaması üçün müxtəlif üsullardan və dərmanlardan istifadə etsələr də, hələ ki, bunun bir xeyri yoxdur. Kəndlilərə külli miqdarda maddi ziyan dəyib.
Fermerlərin sözlərinə görə, hər gün bir istixanada təqribən 100 kiloqramdan çox məhsul tələf olur. Acınacaqlı hal isə odur ki, xəstəliyin dərmanı və mütəxəssisi yoxdur.
Göyçay Rayon Bitkilərin Mühafizəsi Mərkəzinin işçiləri kəndlərdə fermerlərlə görüşüb lazımi məsləhət və tövsiyələr veriblər.
Qeyd edək ki, Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Rayonun 30-dan çox kəndində sakinlər öz fərdi həyətyanı sahələrində və pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada hər həyətdə 2 və ya 3 istixana olmasın. Sakinlər onların əsas gəlir mənbəyi olan tərəvəzçiliyin bu il onlara nəinki qazanc gətirəcəyindən, hətta külli miqdarda maddi ziyan vuracağından ehtiyat edirlər.