Siyavuş Novruzov: "Türkiyə ilə viza rejimi ləğv olunmalıdır"
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, toplantının gündəliyinə 16 məsələ daxil edilib.
İclas gündəliyə daxil olan Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında qərar layihəsinin səsə qoyulması ilə başlayıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, səlahiyyət müddəti 25 aprel 2016-cı ildə bitən Qürbət Əsgərov, Vəfaddin İbayev və Zakir Quliyevin yenidən Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif olunur. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
"Azərbaycanla Türkiyə arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi də gündəliyə daxil olan ikinci qanun layihəsi olub. Qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, iki ölkə arasında viza rejimi ləğv edilməlidir: "Ona görə də hesab edirəm ki, iki ölkə arasında viza rejimi ya ləğv edilməli, ya da vizanın müddəti 1 ilə qədər uzadılmalıdır. Bu məsələ daim gündəmdə olub, elə indi bunu reallaşdırmağın əsl vaxtıdır".
Sədr Oqtay Əsədov isə bildirib ki, Türkiyə və Azərbaycan arasında viza məsələsi ilə bağlı iş gedir.
Parlament həmçinin arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Azərbaycan-Türkiyə hökumətlərarası sazişini təsdiqləyib.
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşov Gürcüstan əsilli azərbaycanlıların qeydiyyatı məsələsinə diqqət çəkib: “Gürcüstanda yüz minlərlə Gürcüstan əsilli azərbaycanlı yaşayır, onların çoxu 3 aydan bir Azərbaycana gəlir, qayıdır. Bu şəxslər Azərbaycanda olarkən “ASAN Xidmət” mərkəzlərində, yaxud miqrasyia qurumlarında müvəqqəti qeydiyyata düşməlidirlər”.
İclasda “Sosial sığorta haqqında” və “Gömrük tarifi haqqında” qanun layihələrinə dəyişiklik edilib. Azərbaycana idxal olunan məhsulların hamısına 18% ƏDV-nin tətbiq edilməsinin düzgün olmadığını bildirən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov qeyd edib ki, bu cür verginin tətbiqi "Azərbaycan Dəmir Yolları"nın işinə çətinlik törədir: "Dəmir yolu və təmir üçün alınan məhsullara böyük miqdarda gömrük rüsumları tələb olunur. Bilmirik ki, avadanlığın pulunu ödəyək, yoxsa gömrük rüsumu, vergi barədə düşünək. Bilmirik pulu haradan tapaq ödəyək. Alınan vaqonlar, elektrovozlar Azərbaycanda istehsal olunmur. Buna görə 18 faiz və 36 faiz ayrılıqda verginin tətbiq olunması ciddi problem yaradır. Nazirlər Kabinetinə səlahiyyət verilməlidir ki, lazım olanda bəzi məhsullarla bağlı güzəştli vergilər tətbiq olunsun".
Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən deputat Vahid Əhmədov deyib ki, qanunda vergidən azad edilmə sənaye parkları ilə yanaşı, onlarla müqavilə bağlayan podratçı və subpodratçı qurumlara da aid edilir. Millət vəkili Əflatun Amaşov isə təklif edib ki, Azərbaycana gətirilən qəzet və kağız malları üzərindən əlavə dəyər vergisi götürülsün və bu dəyişiklik məcəllədə öz əksini tapsın.
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə əsasən, Azərbaycanda ilk dəfə yalançı sahibkarlıqla məşğul olanlar inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə, yaxud inzibati xəta nəticəsində əldə etdiyi gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə, inzibati məsuliyyətdən azad olunacaq. Həmçinin bank sirri təşkil edən məlumatları qanunsuz yayanların cərimələnməsi qaydası dəyişib.
Qanun layihələrinə dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.