Azərbaycandakı xarici diplomatlar cəbhə bölgəsində - REPORTAJ
Bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri cəbhənin Tərtər və Ağdam istiqamətinə səfər ediblər.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, xarici diplomatlar öncə Tərtər rayonunun Qapanlı kəndinə gediblər. Səfirləri rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb.
İcra başçısı qonaqlara erməni hərbi birləşmələrinin Qapanlı kəndini ağır artilleriyadan atəşə tutduğunu və bunun nəticəsində kənd sakinlərinə ciddi maddi ziyan dəydiyini bildirib. Diplomatlar dağılmış evləri öz gözləri ilə görüb.
Avropa İttifaqının nümayəndəsi Touaref Pes: "Ərazidə insanlar neçə illərdir basqı altında yaşayır. Ailələrin çətinliklə də olsa, burda yaşaması böyük işdir. Burdan qaydandan sonra konfliktin sülh yolu ilə həlli üçün səylərimizi gücləndirməliyik. Yüksək rütbəli diplomatlara bu barədə məlumat verəcəyəm".
Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteron: "Sağ olun ki, buraları bizə göstərirsiniz. Çox gözəl təşəbbüs idi. Xoş oldu buranı görmək".
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun Qapanlı kəndinin təbiətini çox sevdiyini, lakin sakinləri müharibə şəraitində yaşamaq məcburiyyətində qaldıqları üçün təəssüf hissi keçirdiyini deyib: "Bu işğal durumunun bir an öncə sona yetməsi lazım. Savaşı kimsə arzu etməz. Azərbaycan torpaqlarının ən qısa zamanda torpaq bütövlüyü çərçivəsində geri qaytarılması vacibdir. Azərbaycanlı qardaşlarımızla birliyimizi bu cür ifadə edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Fransalı xanım diplomat erməni hərbi birləşmələrinin ağır artilleriyadan açdığı atəş nəticəsində dağılan evləri öz gözü ilə görsə də, müsahibə vermək istəmədi. “Mən danışmazdan əvvəl düşünməliyəm” deməklə kifayətləndi.
Daha sonra Ağdama gələn diplomatları rayon icra İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qarşılayıb. İcra başçısı rayonun Sarıcalı kəndində mərmi düşməsi nəticəsində dağılan məktəb haqqında qonaqlara məlumat verib.