Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 39 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin aprel ayı ərzində dövlət sərhədini pozduqlarına görə 26 halda 39 nəfər saxlanılıb.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 12 nəfəri Azərbaycan, 8 nəfəri Banqladeş, 5 nəfəri Nigeriya, 4 nəfəri İran, 3 nəfəri Özbəkistan, 2 nəfəri Gürcüstan, hər ölkədən bir nəfər olmaqla Əfqanıstan, Tacikistan, Fransa, Syerra Leone və Moldova vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 15 nəfər, Xəzər dənizində 42 halda 68 nəfər, Sərhəd Nəzarət Məntəqələrində 469 halda 590 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 342 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 506 kiloqram 183,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Aprelin 20-də Biləsuvar rayonunun Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində rayon sakinləri Əsgərov Mübariz Müqabil oğlu və Məmmədzadə Anar Qurbanəli oğlu 1010 qutu “DC”, 490 qutu “MM” markalı siqaret və 1 kq qurudulmuş marixuana ilə yaxalanıblar.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 116 halda ümumi dəyəri təqribən 20 milyon 401 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd pnevmatik tüfəng, 17 000 Azərbaycan manatı, 29988 qutu siqaret, 600 qram civə, 92 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.