Jurnalistlər arasında atıcılıq turniri keçirildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) jurnalistlər arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş III atıcılıq turniri keçirib.

 

APA TV-nin məlumata görə, turnir “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında baş tutub.

 

Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edib. Turnirdə “APAholding”i APA TV, APA və Vesti komandaları təmsil edib.

 

Turnir iki mərhələdə keçirilib. Birinci turda 20-dən artıq komanda yarışıb. Hər iştirakçı 5 güllə atmaqla öz dəqiqliyini və peşəkarlığını yoxlayıb. Ən yüksək nəticə göstərən 7 komanda ikinci tura keçib. Birinci turun yeddi qalib komandasının hər bir iştirakçısı bu dəfə 3 güllə ilə yarışıb.

 

“APAholdinq”ə daxil olan komandalar II tura vəsiqə qazansalar da, birinciliyi "Azərtac" komandası qazanıb.

 

Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

Elvin Bayramlı

Rizvan İsmayılov

Müəllif | Apa.Tv
Elvin Bayramlı