Azərbaycan prezidenti Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev mayın 7-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.
APA TV-nin xəbərinə görə, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin çox yaxşı təşkil olunduğunu deyən dövlət başçısı son dövrlər idmançılarımızın müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini qeyd edib.
Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vurğulayıb, ölkəmizin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu deyib.
Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini qeyd edən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ölkəmizin cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Marius Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən danışıb.
Beynəlxalq Cüdo Federasiyası ilə fəal tərəfdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayan prezident İlham Əliyev ölkəmizdə cüdonun zəngin ənənələrə malik olduğunu vurğuladı, bu idman növünün inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib. Dövlət başçısı idmançılarımızın dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurla iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.