Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi davam edir

Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi işləri davam etdirilir.

 

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən APA TV-yə verilən məlumata görə, 19,4 km olan Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilir.

 

Avtomobil yolunun ilk 8 km-lik hissəsində 2 hərəkət zolaqlı olmaqla yol yatağının eni 12 metr, yolun hərəkət hissəsinin eni isə 8 metr olacaq. Yolun 8-19 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilməklə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu hissədə yol yatağının eni 18,5 metr, yolun hərəkət hissəsinin eni isə 12 metr olacaq.

 

Layihəyə uyğun olaraq yol boyu hər bir istiqamət üzrə 2 metr enində çiyinlərin, yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün isə 2 metr enində piyada səkilərinin tikintisi işləri aparılır.

 

Tikinti işləri çərçivəsində əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından zəruri olan yerlərdə borular qoyulacaq, drenaj işləri üzrə zəruri olan yerlərdə açıq beton küvetlər tikiləcək.

 

Hazırda sözügedən yolda torpaq işləri görülür, mövcud yol 1 metrə qədər qazılaraq yeni yol yatağı və yol əsası tikilir, dəmir yolu üzərində yerləşən avtomobil körpüsü təmir olunur. Sözügedən körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Körpüdə hər bir istiqamət üzrə 1 metr enində piyada səkiləri də tikilib.

 

Yenidənqurma işləri çərçivəsində yolun  8-ci kilometrliyində yerləşən Gəncə çayı üzərindəki körpünün təmiri isə yekunlaşıb. 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpüdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkisi də tikilib.

 

Tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yolun tikintisi ilə yol üzərində yerləşən yaşayış məntəqələrinin sakinlərinin Gəncə şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv