Səsvermə prosesindən REPORTAJ
21 saylı seçki məntəqəsində bütün proseslər seçki qaydalarına əsasən həyata keçirilib. Seçici siyahıları tərtib edilərək lövhələrdə asılıb. Məntəqəyə gətirilən seçki qutuları isə polis tərəfindən mühafizə edilir. Eyni zamanda qeyd edək ki, məntəqədə Mərkəzi Seçki Komissiyası tərəfindən veb-kameralar quraşdırılmayıb. Hətta seçki prosesini izləmək üçün hər hansı bir müşahidə kamerası yox idi. APA TV-nin müşahidələri zamanı səhər saatları olmasına rəğmən 21 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunurdu. Məntəqə sədri Eldəniz Əhmədov deyir ki, hazırda səs verən bütün vətəndaşların adları siyahıda var, prosedurlar qanuna uyğun olaraq icra olunur. 23 saylı Səbael-Nəsimi seçki dairəsinin 22 saylı seçki məntəqəsində də seçici aktivliyi müşahidə edilirdi. Daha çox gənclərin aktivliyi nəzərə çarpırdı. İlk dəfə səsvermədə iştirak edən vətəndaşlar üçün məntəqədə seçki qaydalarını izah edən plakatlar vurulub. Və seçicilər bu məlumatlandırıcı lövhələr vasitəsi ilə seçki qaydaları ilə tanış olduqdan sonra səs verirlər. Seçkiləri izləmək üçün yerli, xariçi müşahidəçilər, eyni zamanda "exit-pol" keçirən şirkətlərin nümayəndələri də öz missiyalarını həyata keçirmək üçün seçki məntəqələrinə gəliblər. Qeyd edək ki, günün ikinci saatlarından etibarən məntəqələrdə seçicilərin səsvermədə iştirakında aktivləşmə müşahidə olunurdu.