Lerikdə şəhid gizirin medalı ailəsinə təqdim olundu
Silahlı Qüvvələrimizin şəhid giziri Ruslan Qalib oğlu Ağayevin ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Lerik rayonunun Pirosora kəndindəki orta məktəbin həyətində medalın təqdim olunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, hərbi qulluqçular, həmçinin kənd sakinləri, məktəblilər iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Ruslan Ağayevin daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.
Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olunub.
Şəhidin atası Qalib Ağayev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.
Qeyd edək ki, 2015-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Qazax bölgəsindəki N saylı hərbi hissəsində müddətdən artıq xidmət keçən Azərbaycan Ordusunun giziri, 1991-ci il təvəllüdlü Ruslan Qalib oğlu Ağayev döyüş postunda olarkən düşmən gülləsindən şəhid olub.