Lənkəranda 19 yaşlı hamilə qadına iynə vurub evi qarət etdilər

Lənkəranda soyğunçuluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, biri qadın olmaqla üç nəfər naməlum şəxs şəhərin Vaqif Məmmədov küçəsi, 26 ünvanında yerləşən Zəminə Qurbanovaya məxsus evə daxil olub.

Hadisə zamanı evin  gəlini, 19 yaşlı   Ülviyyə Eyvaz qızı Ağayeva  evdə tək  olub.  Özünü "Azərsu"nun əməkdaşı kimi təqdim edən  qadın  sudan istifadəyə görə,  borclarının olduğunu bildirib və   içməyə su istəyib.  Gəlin  su gətirməyə gedən zaman qadın arxadan onun boyun nahiyəsinə küt alətlə zərbə endirib. Ülviyyə Ağayeva zərbədən huşunu itirərək  yerə yıxılın. Qadının ardınca evə daxil olan kişilər  zərərçəkənin damarına tərkibi  məlum olmayan maye yeritdikdən sonra evdə olan qızıl-zinət əşyalarını   yığışdırıb özləri ilə aparıblar. Amma  sonradan oğurlanmış  qızıl-zinət əşyaları  evin  hasarının yanında aşkar olunub.

Hamilə vəziyyətdə olan zərərçəkmiş Ülviyyə Ağayeva Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hazırda həkim nəzarəti altındadır.

Polis hadisə yerinə gəlib, istintaq üçün zəruri olan barmaq izləri götürülüb.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisəni törətmiş şəxslərin tapılması üçün tədbirlər görülür.

 

 

 

Müəllif | Apa.Tv