Azərbaycan Ordusunun şəhid kapitanı dəfn edildi
Azərbaycan Ordusunun şəhid kapitanı Nəcməddin Savalanov dəfn edilib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, 31 yaşlı kapitan Nəcməddin Akif oğlu Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kənd məzarlığında dəfn edilib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Milli Məclisin deputatları, ictimai xadimlər, İmişli Rayon İcra Hakimiyyətinin rəsmiləri, kənd sakinləri, həmçinin şəhid zabitin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı onun qardaşına təqdim edilib.
Dəfn mərasimində polkovnik Abdulla Qurbanı kapitanın təltif olunduğu “İgidliyə görə” medalını şəhidin oğlunun sinəsinə taxıb. Şəhidin qız övladları atalarının tabutu önündə şeir söyləyib. Şəhidin tabutu məzarlığa təşviqat avtobusunda quraşdırılan “Bayraqtəpə” marşı sədaları altında aparılıb.
Minlərlə sakinin iştirak etdiyi dəfn mərasimində çıxış edən polkovnik Abdulla Qurbani kapitan Nəcməddin Savalanovun Talış yüksəkliyi uğrunda döyüşlərdə yaralandığını qeyd edib.
Mərasim zamanı aprel döyüşlərində şəhid olan İmişli sakini, Azərbaycan Ordusunun baş leytenantı Dədəkişiyev Cavid Gülbaba oğlunun III dərəcəli “Hərbi xidmətdə fərqləndiyinə görə” medalı atasına təqdim edilib.
Xatırladaq ki, aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. Şəhid kapitanın 3 övladı - iki qızı, bir oğlu qalıb.
Allah rəhmət eləsin!