Mingəçevirdə oğru dəstəsi tutuldu: ikisi qardaşdır

Mingəçevirdə oğurluq edən 4 nəfər saxlanılıb. Mingəçevir şəhər Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, bu günlərdə şəhərdəki 2 saylı orta məktəbdən 10-a yaxın kompüter və planşet, printer avadanlığı və rabitə aparatı oğurlayan qrupun üzvləri, eləcə də şəhərin müxtəlif yerlərində oğurluq əməli törədən şəxs zərərsizləşdirilib.

 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Mingəçevir sakinləri - 27 yaşlı Ənvərpaşa Qasımov, onun 24 yaşlı qardaşı Mirpaşa Qasımov və 27 yaşlı Rüfət Talıbov tutularaq istintaqa təhvil verilib.

 

Saxlanılan Ənvərpaşa Qasımov cinayəti etiraf edib: “Bu iş mənim işimdir. Günah mənimdir. Cinayətkar mənəm. Bunlar, sadəcə, malı mənə lazım olan yerə aparmağa kömək ediblər”.

 

Mingəçevir Şəhər Polis Şöbəsinin digər əməliyyatı nəticəsində şəhərin müxtəlif ünvanlarında ümumi dəyəri 5 min manatdan artıq olan müxtəlif alət və ləvazimatlar, santexnika cihazları, ev əşyaları oğurlayan Mingəçevir sakini Elşən Mustafayev saxlanılıb.

 

Hazırda hər iki fakt üzrə Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv