Prezident: “İşğal olunmuş torpaqlarımızın bir hissəsi azad edilib”
Azərbaycanın qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir.
APA TV-nin məlumatına görə, bunu Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyini danışıqlar prosesində gücləndirir: “Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir”.
Prezident Ermənistanla Azərbaycan arasındakı fərqin göz qabağında olduğunu bəyan edib: “Mən dəfələrlə demişəm - həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər”.
Dövlət başçısı aprel döyüşlərindən danışarkən onu da bildirib ki, builki Qələbə günü Azərbaycanda xüsusi ruh yüksəkliyi ilə qeyd edilir. Prezident deyib ki, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində Ordumuz uğurla əks-hücum əməliyyatı keçirib: “İşğal olunmuş torpaqlarımızın bir hissəsi əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmiş, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənmişdir. Bu gözəl tarixi və parlaq qələbə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Prezident deyib ki, Azərbaycan daha da güclənməli, xalqın rifah halı daha da yaxşılaşmalı və dünya miqyasında ölkəmiz daha da möhkəm yer tutmalıdır: “Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün əlbəttə ki, beynəlxalq norma və prinsiplər əsas rol oynayır. Amma biz daha da güclü olmalıyıq və bu yolla gedirik”.