Gəncədə iki qətl: ər keçmiş arvadını öldürdü, 21 yaşlı gənc qətlə yetirildi

Gəncədə bir gündə iki qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Azərbaycanın ikinci böyük şəhərində 21 yaşlı gənc qətlə yetirilib.

 

Hadisə şəhərin Heydər Əliyev prospektində, 20 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Mübahisə zəminində şəhər sakini, 1995-ci il təvəllüdlü Müstəcəb Əliyev sol körpücük sümüyünün alt hissəsindən, ürək nahiyəsindən bıçaqlanıb. O, dərhal Abbas Səhhət adına xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata görə, Müstəcəb Əliyev ailənin tək oğlan övladı olub. Onun kim tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi hələlik məlum deyil. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayəti törədən şəxs məlumdur və o saxlanılıb.

 

Digər qətl hadisəsi isə şəhərin Sülh küçəsi ilə Nəsimi küçəsinin kəsişməsində, 31 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov küçədə keçmiş həyat yoldaşı, 23 yaşlı Səmra Həsənovaya çoxsaylı bıçaq zərbələri endirərək onu ağır yaralayıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə yerindən qaçan Rövşən Ələsgərov hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi  əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Məlumata görə, bir neçə il əvvəl boşanan Rövşən Ələsgərovla Səmra Həsənovanın iki azyaşlı oğlu var.

 

Hər iki fakt üzrə Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli