DSX Akademiyasında akademik kursların ilk məzunlarına sertifikatlar verilib
Dövlət Sərhəd Xidməti Akademiyasında «Qərargah zabitlərinin hazırlığı» akademik kurslarının ilk məzunlarına sertifikatların verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iştirak edib.
Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə general-polkovnik Elçin Quliyev tərəfindən gənc zabitlərə sertifikatlar təqdim olunub. Sertifikatlar təqdim olunduqdan sonra gənc zabitlərin adından çıxış edən kapitan T.Ağamalıyev akademik kursların ilk məzunları olmaqdan şərəf və qürur duyduqlarını bildirmiş, kursu uğurla başa vurmaqda, sərhədçi peşəsinin, hərb sənətinin sirlərinə daha dərindən yiyələnməkdə, bilik və bacarıqlarını təkmilləşdirməkdə əməyini əsirgəməyən zabitlərə, müəllimlərə təşəkkürünü bildirib.
Akademik kursları bitirmiş zabitlər Vətənə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin etmək üçün bilik və bacarıqlarını əsirgəməyəcəklərinə söz veriblər.
Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi polkovnik Elşən Verdiyev «Qərargah zabitlərinin hazırlığı» akademik kurslarının təşkili barədə məlumat verərək, zabitlərin zəruri bilik və vərdişlərə yiyələndiklərini qeyd edib.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev mərasimin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsinin növbəti təntənəsi olduğunu qeyd edərək, akademik kursları müvəffəqiyyətlə başa vuran zabitlərin Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib. Zabitləri təbrik edən general-polkovnik Elçin Quliyev onlara uğurlar arzulayıb, tövsiyələr, tapşırıqlar verib.
Mərasim başa çatdıqdan sonra zabitlər Ulu Öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkilləri çəkdiriblər.