Lənkəranda evə basqın: hamilə qadını vurub qızılları apardılar

Lənkəranda soyğunçuluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, biri qadın olmaqla üç nəfər naməlum şəxs şəhərin Vaqif Məmmədov küçəsi-26 ünvanında yerləşən Zəminə Qurbanovaya məxsus evə daxil olub.

 

Hadisə zamanı evin gəlini, 19 yaşlı Ülviyyə Eyvaz qızı Ağayeva evdə tək olub. Gələnlərdən özünü "Azərsu"nun əməkdaşı kimi təqdim edən qadın ev sahibəsinə sudan istifadə borclarının olduğunu bildirib və içməyə su istəyib. Gəlin su gətirməyə gedən zaman qadın arxadan onun boyun nahiyəsinə küt alətlə zərbə endirib. Ülviyyə Ağayeva zərbədən huşunu itirərək yerə yıxılıb. Qadının ardınca evə daxil olan kişilər zərərçəkənin damarına tərkibi məlum olmayan maye yeritdikdən sonra evdə olan qızıl-zinət əşyalarını yığışdırıb özləri ilə aparıblar. Amma sonradan oğurlanmış qızıl-zinət əşyaları evin  hasarının yanında aşkar olunub.

 

Hamilə vəziyyətdə olan zərərçəkmiş Ülviyyə Ağayeva Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hazırda həkim nəzarəti altındadır.

 

Polis əməkdaşları hadisə yerinə gəlib, istintaq üçün zəruri olan barmaq izləri götürülüb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisəni törətmiş şəxslərin tapılması üçün tədbirlər görülür.

Müəllif | Apa.Tv