4000 manata başa gələn toy karvanı - REPORTAJ
İllərdir alışdığımız toy bumu - şablon toylar yavaş-yavaş öz aktuallığını itirmək üzrədir. APA TV-nin məlumatına görə, zaman keçdikcə zövqlər dəyişir, hər kəs öz xəyalında qurduğu toy formatını həyata keçirmək istəyir. Sanki gənclər rəqabətə girir, öz toylarının başqalarından fərqləndirmək üçün əllərindən gələni - hətta gəlməyəni də etməyə çalışır.
Fərqli toy isə fərqli pul deməkdir. Gərək əlin cibinin daha dərinliklərinə işləsin. Toyun təşkilində vacib detallardan biri də bəy-gəlin maşınının seçilməsidir. Qədimdə faytonlardan istifadə edilsə də, müasir dövrdə gənclər son model avtomobillərə üstünlük verir. Amma təbii ki, istisnalar da var. Şəhər sakinləri arasında sorğu etdik və onların öz toylarına hansı nəqliyyat vasitəsi ilə gəlmək istədiklərini soruşduq.
- Mənim üçün avtomobilin heç bir əhəmiyyəti yoxdur. Həddən artıq da bahalıdır. Taksi ilə də gedə bilərəm. Fayton maraqlıdır. Biz Türkiyədə yaşayırıq orda adətən elədir, faytondan istifadə edirlər. İndi restoranlar o qədər uzaqdadır ki, faytonla getmək mümkün deyil.
- Mənim üçün avtomobilin hansı markadan olması önəmli deyil, cəmi 30 dəqiqə oturursan. Amma məsələn, "Jiquli" ilə də getmərəm. Bəylə gəlin üçün sürücü olsa daha yaxşıdır, özləri idarə etməsin.
- Biz öz avtomobillərimizdən istifadə edirik. Bizdə kirayə yoxdur, öz avtomobillərimizi bəzəyirik.
- Ən xoşa gəlimli fərqli faytondur. Öz toyumda faytondan istifadə edilməsini istəyərəm. Bir gündən ötrü istənilən qədər pul verməyə dəyər.
- Qədimi avtomobillər daha yaxşı görsənir.
- Mən idman maşınlarına üstünlük verirəm. Mən öz toyumda bu avtomobillərdən istifadə etmək istəyərəm.
Elə söhbət bəy-gəlin avtomobillərindən düşmüşkən istədik qiymətlərlə də maraqlanaq. Görək, bir toyda kirayə avtomobildən istifadə etmək bəy üçün neçəyə başa gəlir. Üz tutduq Xalqlar Dostluğu deyilən əraziyə. Sahibkar Elvin Allazov bildirdi ki, ötən illərlə müqayisədə bu il toy edənlərin sayı azaldığı üçün toy maşınlarına olan tələbat da avtomatik olaraq azalıb. O deyir ki, yalnız həftə sonları bir az artım müşahidə edilir. Onun sözlərinə görə, əksəriyyət bəylər əlavə xərc olmasın deyə dost-tanışının avtomobilindən istifadə edir. Ancaq buna baxmayaraq son model, qeyri adi maşınları öz toyunda görmək istəyən bəylərimiz də az deyil.
- Qeyri adi hansı maşın olsa, onu da sifariş edirlər. Məsələn, qapıların yuxarı açılması qeyri-adi görsənir. Belə avtomobili sifariş edirlər. Bəy var, özü idarə etmək istəyir, bəy də var arxada rahat oturmaq istəyir. Elə bəy balası kimi. Sport maşınlara da üstünlük verilir, klassik maşınlara. Gündüz toya gedəndə ikiqapılı avtomobildən istifadə edirlər, gecə 12-də şadlıq sarayından çıxanda klassik maşınla gedirlər. İki maşın sifariş edirlər.
- Əgər siz öz toyunuzda bu idman avtomobilini görmək istəyirsinizsə, onda bir neçə saatlığa 150 manat pul ödəməli olacaqsınız. Əlbəttə ki, bu məbləğə avtomobillərin süni güllərlə bəzədilməsi də daxildir.
Müsahibimizin sözlərinə görə, bəy-gəlin maşınlarının modelindən asılı olaraq, qiymətlər 50 manatdan 700 manat arasında dəyişir. 100-200 manat arasında dəyişən avtomobillərə isə daha çox üstünlük verilir.
- 28 növ toy maşınları var. Maşının modelindən asılıdır. "Crysler" köhnə maşındır, qiyməti 50 manatdır. 1 milyon yarımlıq maşındırsa, baha qiymətə gedir. 3 minlik maşındırsa münasib qiymətə gedir. Lap ucuzdursa, lap ucuz qiymətə gedir. Yenə də maşının modelindən asılıdır. Üstəgəl, süni bəzədilmə, benzini, sürücüsü. Hazır vəziyyətdə bəyin qapısına təhvil verilir. Əgər özü sürəcəksə ikiqapılı maşın gedəcək. 4 qapılı da isə sürücü gedəcək.
- Bu idman avtomobilini bəy özü idarə etsə də, bildirdilər ki, son zamanlar gəlinlər də idarə edir.
Faytonlara ildə 3-4 dəfə müraciət edildiyini deyen Elvin Allazovun sözlərinə görə, bir faytona qoşulan iki at təxmini 200-250 manata başa gəlir. O əlavə edir ki, daha çox avtomobil kortejlərinə üstünlük verilir: "Ortada toy maşını gedir, arxasında isə "Gelandewagenlər". Çox qəşəng görünür. 5 "Gelandewagen" varsa, hərəsinə 100 manatdan 500 manat ödənilməlidir. 2 "Gelandewagen" bir də toy maşını olsa, kortejin qiyməti haradasa 300 manatdır. Elə olur ki, 30 dənə "Gelandewagen" gedir. Ortada iki dənə "Bentley", bir də ortada "C Class", bu haradasa 4000 manata başa gəlir".
Süni güllərlə avtomobilin bəzədilməsi üçün heç bir vəsait tələb olunmur. Ancaq təbii güllər olacaqsa müştəri əlavə pul verməlidir. Bunu kirayə götürən özü də edə bilər. Gül mağazasının satıcısı Mikayıl Qafarlı deyir ki, avtomobillərin təbii güllərlə bəzədilməsi 50 manatdan başlayır. Daha çox isə adların baş həriflərinin yazılmasına üstünlük verilir: "Adların baş hərflərinin təbii güllərlə yazılması, haradasa 100 manata başa gəlir. Bir tərəfli güllər var, məsələn 50 manatdan 100 manat arasında dəyişir. Daha çox isə qızılgüllərə üstünlük verilir. Çoxları gəlincik qoydurub qabağına güllərlə bəzədir. O isə baxır gülün sayına. 150-200 manat arasında dəyişir. Çoxu, maşının üstündə süni güllər hədiyyə edilir deyə, təbii güllərdən istifadə etmir".