ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilkin rəyini sabah açıqlayacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Yanes Lenarçiç Bakı şəhərindəki bir sıra seçki məntəqələrində müşahidə aparıb. Lenarçiç bildirib ki, ATƏT DTİHB-nin 300-dən çox müşahidəçisi səsvermənin monitorinqini həyata keçirir. Hələlik aparılan müşahidənin nəticələri barədə şərh vermək tezdir və qurumun bütün müşahidəçiləri hesabatlarını təqdim etdikdən sonra missiya qiymətləndirməsini elan edəcək. Y. Lenarçiç seçkilərlə bağlı ilkin rəylərini oktyabrın 10-da açıqlayacaqlarını, iki ay sonra isə yekun hesabat təqdim edəcəklərini bəyan edib. Yanes Lenarçiç müşahidəçilərin bir qisminin seçkidən sonrakı vəziyyəti, şikayətlərə baxılması prosesini və digər məsələləri izləmək üçün daha bir neçə gün Azərbaycanda qalacaqlarını söyləyib. Azərbaycan tərəfinin rəsmi dəvəti ilə ATƏT DTİHB Azərbaycandakı prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərilməsi haqqında qərar qəbul edib. Bu, qurumun Azərbaycanda müşahidə etdiyi 9-cu seçkidir. Tana de Zuluetanın rəhbərliyi ilə uzunmüddətli müşahidəçilər avqustun 29-dan Azərbaycanda fəaliyyətə başlayıb. Qrupa 30 müşahidəçi və 12 ekspert daxil olub. Ötən həftənin sonunda Azərbaycana 280 nəfər qısamüddətli müşahidəçi də gəlib.

 

Müəllif | Apa.Tv