Gənc gömrükçülərin andiçmə mərasimi keçirildi

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə güllər düzüb, xatirəsini anıblar. Sonra Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günündə keçirilən Gömrükçü Andının əhəmiyyətinə toxunub, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər. Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan Səfər Mehdiyev gənc gömrük əməkdaşlarına tövsiyələrini verib, onları ilk növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, Heydər Əliyev amallarına sadiq qalmağa səsləyib.

 

Daha sonra gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş 30 nəfər əməkdaş Gömrükçü Andı içib.

Müəllif | Apa.Tv
Apa.tv