Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri və doğmaları Ulu Öndər Heydər Əliyevin doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəliblər.

 

APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb. Azərbaycanın dövlət himni səslənib.

 

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

 

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

 

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Müəllif | Apa.Tv
Apa.tv