Şamaxıda dəhşətli qəza: 1 ölü, 2 yaralı
Şamaxıda baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
90 ED 442 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yol kənarında dayanmış 90 KV 656 dövlət nömrə nişanlı “DAF” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Ramin Qasım oğlu Əsgərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Şamaxı sakinləri - 1986-cı il təvəllüdlü Hidayət Barat oğlu Əmralıyev və 1992-ci il təvəllüdlü Tural Əvəz oğlu Əmralıyev ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə gecə vaxtı yolun dumanlı olması və sürücünün yol kənarında dayanan yük avtomobilini görməməsi səbəb olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.